Şənbə, 14 Noyabr 2020 01:39

“Rus qoşunlarının Dağlıq Qarabağa girməsi işğal və xəyanətdir” - BƏYANAT

Almaniyada yaşayan mühacirlər tərəfindən yaradılmış "Kölgə" təşkilatı rus qoşunlarının Dağlıq Qarabağa girməsilə bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda deyilir:

"Rus qoşunlarının Dağlıq Qarabağa gətirilməsilə bağlı “Kölgə” Yardım Birliyinin etiraz BƏYANATI

“Kölgə” YB  hesab edir ki, Azərbaycanın müzəffər və cəsur ordusu tam üstünlüyü əldə etdiyi zaman, işğal olunmuş torpaqlarımızın 27 ildən sonra azad ediləcəyinə şübhə olmadığı vaxtda 3 tərəfli sazişin imzalanması, rus qoşunlarının Azərbaycana - Dağlıq Qarabğa gətirilməsi növbəti işğaldır və dövlətimizə, xalqımıza, ordumuza və şəhidlərimizin ruhuna qarşı böyük xəyanətdir. 

“Kölgə” bəyan edir ki, Rus qoşunlarının Azərbaycan ərazisinə girməsinin heç bir hüquqi əsası yoxdur. İlham Əliyev səlahiyyətlərini aşaraq, öz postunu qorumaq üçün təkbaşına belə bir sazişə imza atmaqla, müzəffər Azərbaycan ordusu tərəfindən həll olunacaq Qarabağ münaqişəsini dondurdu, bir neçə ildən sonra minlərlə gəncimizin şəhid olacağına zəmin yaratdı.

“Kölgə” xalq-ordu birliyi yüksək döyüş ruhiyyəsi yaratmışkən, Rusiyanın təzyiqilə ölkəni təslimçi vəziyyətə salmaq, işğalçı Rusiya qoşunlarını “sülhməramlı” adıyla ölkəyə gətirmək, bunu bayram və qələbə kimi xalqa sırımağı xəyanət hesab edir.

“Kölgə” YB işğalçı və cinayətkar rus qoşunlarının 1920 (Qırmızı ordunun Bakını işğal etməsi), 1990 (qanlı 20 Yanvar hadisəsi) və 1992-ci illərdə (Xocalı soyqırımı) Azərbaycanda törətdiyi cinayət və kütləvi qətlləri bir daha diqqətə çatdırır və tələb edir:

1. İşğalçı rus qoşunları Azərbaycan ərazisindən çıxarılsın; 

2. İlham Əliyev hakimiyyəti 6 ay ərzindəAzərbaycanın ərazi bütövlüyünü təmin edə bilməzsə, istefa versin;

3. İlham Əliyev tam qələbə qazandığımız zaman təslimçi sazişə atdığı imzadan imtina etsin.

“Kölgə” YB İdarə Heyəti

13.11.2020

Almaniya"

Oxunuş sayı 117 dəfə
Şərh vermək üçün giriş edin
Top