Çərşənbə, 03 Fevral 2021 22:57

Həbsdəki daha bir sayt rəhbəri aclığa başladığını bəyan edib

“Xeberman.com” saytının həbsdə olan təsisçisi və baş redaktoru Polad Aslanov fevralın 1-dən aclıq aksiyasına başladığını bildirib. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Həyat yoldaşının sözlərinə görə, P.Aslanov fevralın 1-də Bakı Apelyasiya Məhkəməsində onun işinə baxılarkən aclığa başladığını bəyan edib: “Aclıq aksiyasına başlaması barədə ərizəsini işinə baxan hakim Həsən Əhmədova təqdim etdi. Bildirdi ki, saxlandığı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova da aclıq etməsi haqda ərizə təqdim edib. Polad Aslanov bildirdi ki, 19 aydır hüquqları pozulur, heç bir fakt olmadan 16 il azadlıqdan məhrum edilib. Ya onun cinayət törətdiyini faktla sübut etsinlər, ya da biabırçılığa son qoysunlar. Polad Aslanov dedi ki, “ölkədə korrupsiyadan, rüşvətdən yazmaq cinayətdirsə, bəli, mən bu cür cinayəti törətmişəm və peşman da deyiləm”.

G.Aslanova əlavə edib ki, həyat yoldaşının hazırda əsas tələbi apelyasiya məhkəməsinin qərarı məlum olana qədər ev dustaqlığına buraxılmasıdır.

G.Aslanova həyat yoldaşının səhhətində ciddi problemlər olduğunu vurğulayır, aclıq nəticəsində onun həyatının təhlükə altında qala biləcəyindən ehtiyat edir: “Hazırda Poladın çəkisi 44 kiloqramdır. Bu vəziyyətdə adamın aclıq etməsi onun həyatının təhlükə altında qalması deməkdir”.

P.Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir. O, ötən il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 274-cü maddəsilə - dövlətə xəyanətdə təqsirli bilinib.

Həmin hökmdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır. Növbəti məhkəmə iclası fevralın 4-nə təyin edilib.

Cinayət işinin materiallarında iddia olunur ki, P.Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

P.Aslanov isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir: “Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.

P.Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

“Azel TV” saytının həbsdə olan rəhbəri Əfqan Sadıqov da aclıq aksiyası keçirir. Həyat yoldaşı Sevinc Sadıqovanın verdiyi məlumata görə, o, 90 gündür ki, aclığı davam etdirir.

Oxunuş sayı 769 dəfə
Şərh vermək üçün giriş edin
Top