Çərşənbə axşamı, 19 Aprel 2016 22:00

Putinin klounu danışdı; partiya sədri yazır - VİDEO

Bir neçə gün əvvəl, təmas xəttindəki vəziyyətə Kremlin strategiyası bilinməyən zaman, sosial şəbəkələrdə Lefortovo layihəsi sayılan Volfoviç bizim "xeyrimizə" bəzi cümlələr işlətmişdi. Bəzi dostlarımız bu psixopadı xeyrimizə danışmaqla bağlı öymüşdülər. Onda postumda "düşmən səni tərifləyirsə, özünə diqqət yetir" yazmışdım. 

Bu şəxsi bir sıra adamlar ciddiyə almasalar da, mənim qənaətim fərqlidir. Rəsmi Moskva dəfələrlə əsl mövqeyini bu şəxsin dili ilə deyib. Kreml ruporu və Putin jurnalisti sayılan Rossiya 1 kanalı və Solovyov bütün gərgin dönəmlərdə Jirinovskini önə çəkir, Moskvanın bu və ya digər məsələ barədə düşündüklərini ictimai fikrə çılpaq şəkildə onun dili ilə ötürür. Yəni Putinin dövlətçilik və onun inkişaf xətti barədə fikirlərini Jirinovski və Duqin səsləndirir.
Azərbaycanın işğal altında olan ərazilərində qaynar faza səngidikdən sonra, problemin danışıqlar fazasına keçdiyi məqamda rus millətçisi kimi boğazını yırtan yarıyəhudi Vovka, 4 dəqiqəlik çıxışı ilə rəsmi Kremlin Dağlıq Qarabağ probleminə münasibətini açıq şəkildə bəyan edib.

Xüsusi məqamlara diqqəti çəkmək istərdim:

- türklər bu bölgədə olmayıblar, köçəridirlər və məskənləri Orta Asiyadır, oralara qayıtsınlar;
- ermənilər bölgənin aborigen, ən qədim xalqıdırlar, Qarabağ da onlara məxsus olub;
- Azərbaycan problemin həllini istəyirsə, geriyə imperiyanın tərkibinə qayıtsın, əks halda problem 100 illərlə davam edəcək;
- ruslar Azərbaycanı pulla deyil, döyüşlə əldə ediblər, ona görə də bizə məxsusdurlar;
- Türkiyənin mövcudluğuna görə, biz Qarabağı alıb ermənilərə verməliyik;
- problemin həll açarı rus prezidentindədir və s.
Bu iqtibasları və əvvəldə yazdıqlarımı ümumiləşdirərək onu demək istəyirəm ki, "Rusiya 5(6; 6+) rayonu bizə qaytarır" kimi. bəsit yanaşma ictimai rəyin ziyanımıza formalaşmasından başqa bir şey deyil. Rusiya Dağlıq Qarabağ probleminə özünün Cənubi Qafqaz lövbəri, imperiyanın bərpa vasitəsi qismində yanaşır. Heç kəs Rusiyanı axmaq, abdal saymasın. Rusiya Azərbaycana əvəzsiz heç nə qaytarmayacaq, buna hamı əmin olsun. Rayonların əvəzi müstəqilliyimiz və suverenliyimizdir. Buna da qətiyyətlə əmin olun. Bir halda ki,
Ordumuz düşməni sarsıdıb, cəmiyyət Əsgərin tam olaraq arxasındadır, Şəhidlik Allahın neməti kimi dəyərləndirilir, dünya da haqlı olduğumuzu dərk edir, bizə kiminsə köməyi lazım deyil. Millət kimi səfərbər olub, səbrə qatlaşıb problemin baiskarının, açıq şəkildə öz müəllifliyini ifadə edən Rusiyanın ya zəifləməyini, ya da ki, iqtidarının dəyişməsini gözləməliyik. Hər 2 istiqamətdə trend mövcuddur.
İnanmıram ki, vicdanı olan kimsə, Jirinovskinin dilindən səsləndirilən rəsmi Kreml mövqeyini dəstəkləsin. Aramızda belələri tapılarsa, onların bizdən olmasına mən şübhə ilə yanaşaram.

Əli Əliyev

Vətəndaş və inkişaf Partiyasının sədri

Oxunuş sayı 1163 dəfə
Şərh vermək üçün giriş edin
Top