Bazar, 22 May 2016 22:00

Əli Əliyev: “YAP iqtidarı İmaməli əkənin indi ağlına gəldiyini 2009-cu ildə həyata keçirib”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook” səhifəsində Tacikistanda keçirilmiş “əbədilik” referendum və bu tendensiyanın Azərbaycan nümunəsinə dair yazı yerləşdirib. Həmin yazını təqdim edirik:

“Dünən Tacikistanda ümumxalq səsverməsi-referendum keçirilib. Referendumun məqsədi ümummilli lideri-Sülhün və vəhdətin baiskarı (konstitusiyada təqribən belə yazılıb) İmamali Rahmonu yerdə qalan taciklərdən fərqləndirmək olub. 

Belə ki, Tacikistan Ana Yasasının 65-ci maddəsinə görə bir şəxs 2 dəfədən artıq prezident seçilə bilməz. Səsverməyə görə Konstitusiyanın bu maddəsinin yalnız Rəhmona şamil edilmədiyi qərarı ortaya çıxıb.

Referendumdan sonra bəlli oldu ki, taciklərin 95%-i İmaməli əkənin fərqli materialdan əmələ gəldiyini qəbul ediblər. Əks halda onun hüquqlarını əlahiddə səviyyəyə "qaldırmazdılar".

Maraqlı oxşarlıq var Rusiyanın nəzarətində olan dövlətlərdə. Ruslar keçmiş "müttəfiqləri" orbitlərində saxlamaq üçün istənilən eybəcərliyə şərait yaradırlar.

Biz də taciklərdən uzağa getməmişik. Düzdür, Xəzərin bu tərəfində olduğumuzdan Avropanın və babalarımızın yaratdığı siyasi irsin təsirindən hələlik YAP Konstitusiyaya Ümummilli lider, Sülhün və əminamanlığın müəllifi, Milli vəhdətin səbəbkarı kimi ifadələr daxil etməyə cürətlənməyib.

Lakin yolumuz eyni yoldur. YAP iqtidarı İmaməli əkənin indi ağlına gəldiyini, 2009-cu ildə həyata keçirib. Dəyişikliklərin mahiyyəti eynidir-hakimiyyətə daimi sahiblənmək-üslub və ifadə formaları fərqlidir.

Rahmon kimi abdallar düşünürlər ki, belə dəyişikliklər vasitəsilə dünyanı tutub qalacaqlar. Qəribədir ki, belələri dünyada baş verənləri görmürlər və ya görməzliyi imitasiya edirlər. Əminəm ki, Yaxın Şərq və Ərəb liderlərinin də əksəriyyəti Ərəb baharına qədər belə psixoloji durumda idilər.

Maraqlı bir məsələ də baş verib. Referendumda yaş senzinə də dəyişiklik edilib. Bizdə olduğu kimi onlarda da dünənə qədər prezidentliyə namizəd 35 yaşdan cavan ola bilməzdi. Taciklər dünənki plebestitdə həmin həddi 30-a endiriblər. Görəsən, bizdə belə dəyişikliyə ehtiyac olmayacaq ki?”

Oxunuş sayı 931 dəfə
Şərh vermək üçün giriş edin
Top