Gəncə məhbusu: O qədər işgəncə verdilər ki, damarlarımı doğradım, ölmək istəyirdim Xüsusi

Bu məqaləni qiymətləndir
(0 səs)

''Qadınları çıxarın çölə, danışım ki, polis idarəsində şalvarımı əynimdən çıxarıb necə ''press'' verdilər''

Gəncə hadisələrinə görə həbs olunan daha 8 nəfər barələrində çıxarılmış hökmdən şikayət verib. Onlar günahsız olduğunu, işgəncə altında həqiqətə uyğun olmayan ifadələrə imza atdırıldığını bildirir, barələrindəki hökmün ləğv olunmasını, bəraət verilməsini tələb edirlər. Bunlar Sabir və Cabir Əzizov qardaşları, Fikrət Mirzəliyev, Səbuhi Rəcəbov, Elman Quliyev, Eyruz Hacıyev, Gülmirzə və Riya Nuruzadə qardaşlarıdır.

Onların işinə Gəncə Apelyasiya Məhkəməsinin hakimləri Bakı Apelyasiya Məhkəməsində baxır.

Vəkillər apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatət qaldırıblar. Bildiriblər ki, obyektiv, hərtərəfli məhkəmə istintaqı aparılsa, təqsirləndirilən şəxslərin günahsız məhkum edildiyi də ortaya çıxar. Həmçinin sübutların araşdırılmasına ehtiyac olduğunu vurğulayıblar.

“Guya Cabir Əzizov Gülmirzə Nuruzadəni Gəncəyə - aksiyaya çağırıb, onun səs yazısı var. Lakin həmin səs yazısı ümumiyyətlə, yoxdur”, - deyə vəkil bildirib.

Hakimlər qərar verib ki, apelyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla baxılsın.

Daha sonra təqsirləndirilən şəxslər çıxış ediblər.

Riya Nuruzadə bildirib ki, qardaşı Gülmirzə, dostları Fikrət və Sabirlə Göygölə istirahətə gedərkən Gəncədə polislər onları saxlayıb.

Onun sözlərinə görə, həmin vaxt Gəncədən keçəndə orada çay içməyə dayanıblar. R.Nuruzadə deyir ki, onları Gəncə şəhər Baş Polis İdarəsinə gətirib, polisə müqavimət göstərmələri barədə sənədləşmə aparıblar:

“Dedilər ki, 15 sutka veriləcək, çəkib çıxacaqsız. Guya bizi polis saxlayıb, biz də polisə əl-qol atmışıq. Amma polisə biz özümüz yaxınlaşdıq ki, ondan çay içib, yemək yeməyə münasib yer soruşaq”.

R.Nuruzadə bildirib ki, təqsirləndirilən Elman Quliyevin əleyhinə izahata imza atmaları üçün onlara günlərlə ağlasığmaz işgəncələr veriblər. İzahatda yazılıb ki, onları Gəncədə iyulun 10-da keçirilən aksiyaya Elman çağırıb.

Gülmirzə Nuruzadə də həmin gün qardaşı və dostlarıyla birlikdə Göygölə gedərkən Gəncədə tutulduqlarını, onlara qarşı kütləvi iğtişaş, polisə müqavimət ittihamının yalan olduğunu bildirib. Maşın ustası olduğunu deyən G.Nuruzadənin sözlərinə görə, atasını itirmişdi, onun yoxluğuyla barışa bilmirdi:

“Sağlığında hər gün işimə gəlirdi. Yoxluğunu təkcə evdə yox, işdə də hiss edirdim. Dostlar təklif elədilər ki, gedək, bir az dincələk. Depressiyada idim”.

G.Nuruzadə də bildirib ki, E.Quliyevin əleyhinə izahata imza atması üçün ona çox işgəncə veriblər.

Təqsirləndirilən Cabir Əzizov isə deyib ki, işgəncələrə dözə bilməyib, özünü öldürmək qərarına gəlib: “O qədər döydülər, işgəncə verdilər ki, “lezva” ilə qollarımı, boğazımı doğradım. Vallah, ölmək istəyirdim. Çünki elə işgəncə verirdilər ki, danışmağa utanıram. Zaldakı qadınları çıxarın çölə, danışım. Deyim ki, polis idarəsində şalvarımı əynimdən çıxarıb necə “press” verdilər. Axı mən niyə Elmana böhtan atmalıyam? Böhtan atıb necə yaşayım?”

İşgəncələr nəticəsində əsəblərinin pozulduğunu bildirən C.Əzizov prokurorun “siz dindiriləndə vəkiliniz iştirak edib” deməsindən hiddətlənib. Bildirib ki, polis idarəsində təkcə onunla yox, başqa tutulanlarla da erməni əsirliyindəki kimi davranırdılar: “Orada adamlar əsirlikdə olur, hüquq sayan kimdi? Mən içki içən adamam, dindarların aksiyasında nə işim var? Yazıblar ki, guya orada olmuşam. Gəncədə küçədə adamlardan sənəd istəyirlər. Guya Gəncə başqa ölkədi”.

C.Əzizovun qardaşı Sabir ailə vəziyyətlərinin ağır olmasından danışıb. Bildirib ki, atasının bir ayağı yoxdur, anası isə xadimədir: “Mən gözümü açandan işləmişəm, zəhmət çəkmişəm ki, ata-anama kömək edim. İndi onlar ağır vəziyyətdədir”.

Cabir və Sabir Əzizov qardaşları məhkəmədə işgəncədən danışanda onların anasının vəziyyəti pisləşib.

Məhkəmədən sonra Meydan TV-yə açıqlamasında bildirib ki, övladlarına verilən işgəncə nəticəsində səhhətlərində kəskin problemlər yaranıb:

“Ayaqlarının arasına o qədər vurublar ki, bir aya yaxın gəzə bilməyiblər. Hələ də o işgəncələrin altını çəkirlər”.

Bu 8 nəfərə martın 2-də hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cabir Əzizov və Riya Nuruzadə 5 il, Sabir Əzizov, Fikrət Mirzəliyev, Səbuhi Rəcəbov və Gülmirzə Nuruzadə 6 il, Eyruz Hacıyev 7 il, Elman Quliyev isə 8 il azadlıqdan məhrum edilib.

Oxu 121 dəfə