İran prezidenti: “Ağ Evdə oturanların ağılları azalıb”

Bu məqaləni qiymətləndir
(0 səs)

İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkə rəhbərliyinə, hərbi komandanlığına gətirdiyi sanksiyalarla bağlı sərt çıxış edib. 

Ruhani Səhiyyə nazirliyinin işçiləri ilə görüşdə Tramp administrasiyasının ünvanına kəskin ifadələr işlədib.

Xatırladaq ki, Birləşmiş Ştatlar İranın ali dini rəhbəri Əli Xamenei və xarici işlər naziri Məhəmməd Cavad Zərifi də sanksiya siyahısına daxil edib.

“Ağ Evdə oturanların ağılları azalıb” - deyə H.Ruhani rəsmi Vaşinqtonun addımlarını bu sözlərlə qiymətləndirib. Onun nitqi olduğu kimi prezidentin rəsmi saytında yerləşdirilib.

Bu arada Rusiya xarici işlər naziri Sergey Lavrov da mövcud vəziyyətin qorxulu istiqamətə yönəldiyini bəyan edib.

“TASS” agentliyinin məlumatına əsasən, Lavrov bu gün keçirdiyi mətbuat konfransında situasiyanın olduqca pis ssenari üzrə cərəyan etdiyini vurğulayıb: “Biz olduqca  narahatıq. ABŞ prezidenti tərəfindən elan olunan və tam şəxsiləşdirilmiş xarakter daşıyan növbəti sanksiyalar bizə hadisələrin inkişafının yaxşılığa doğru yönəlmədiyinin siqnalını verir”.

Onun sözlərinə görə, mövcud durum 2003-cü ildə ABŞ-ın Səddam Hüseynə qarşı ard-arda sanksiyalar tətbiq etdiyi İraq müharibəsindən öncəki vəziyyəti xatırladır: “Biz bunun necə nəticələndiyini yaxşı bilirik. ABŞ həmin ilin mayında İraqda demokratiyanın qələbə çalmasından dəm vururdu. İndi 16 il keçdikdən sonra həmin “demokratiyanın” özünü necə göstərdiyi barədə nəticə çıxarın”.

Oxu 102 dəfə