"Müxalifət "qəhrəmanlarını" dəfn etdi" - Sahib Kərimli yazır Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Təqribən sentyabr ayından ölkənin ictimai-siyasi həyatında hərəkətlənmə başladı. Sistem problemlərinə görə müxtəlif səpkili etirazlar - ayrı-ayrı vətəndaş qrupları, siyasi qurumlar, sosial şəbəkə fəalları tərəfindən daha açıq və sərt formada ifadə olunurdu. Hamı fəallaşmışdı və fəallaşdırılmışdı. Heç zaman siyasi gözləntisi olmayan xaricdə yaşayan vətəndaşların da xüsusi aktivliyi müşahidə edilirdi. Köhnəlmiş, gözyoran və ümidlər yaratmayan idarəetməylə yanaşı, fərqli geosiyasi təsirlərin də bu hərəkətlənmədə ciddi payı var. Məhz geosiyasi təsirlər nəticəsində xaricdə yaşayan müxtəlif imkanlı şəxslər də fəallaşıblar. Hakimiyyətin ənənəvi balanslaşma və geosiyasi tələbləri ötüşdürmə siyasətinin mexanizmləri də əvvəlki kimi işlək deyil. Bunun nəticəsində ortaya yeni problemlər çıxıb. Ermənistandakı hakimiyyət dəyişikliyi də ölkəmizə təsirsiz olmadı. Protest elektoratın yeni arzuları və gözləntiləri baş qaldırdı. Qarabağ danışıqlarında hakimiyyətin özgüvənli ritorikası ehtiyatlı bəyanatlarla əvəzləndi. Düşmən tərəfdə isə əksinə, maraqlı tərəflərin təzyiqi ilə provakativ açıqlamalar gəlməyə başladı. Yaranmış vəziyyət hakimiyyətin əleyhinə olan yeni təhlilləri də meydana gətirdi. Hakimiyyət daxilindəki kadr yenilənmələrinə açıq müqvimətlər və müxtəlif sabotajlar da cəmiyyətdəki hərəkətlənmənin səbəblərindən biridir. Yuxarıda sadaladıqlarımın təsiriylə yeni siyasi şərait formalaşdı. Ölkəsini ədalətli və rifah dövləti kimi görmək istəyənlərin arzusu gerçək islahatlardı. Bu islahatların baş tutması üçün hakimiyyətin iradəsi əsas şərtdir. Ardıyca buna reaksiya verə bilən, siyasi dialoqa hazır tərəflərin formalaşması gəlir. Satın almaq yox, dialoq etmək lazımdır, zəiflətmək yox, gücləndirmək lazımdır, qarışdırmaq yox, arındırmaq lazımdır. Çox təəssüf ki, yaranmış fürsəti hələlik qaçırırıq, boşuna zaman itiririk. Yaranmış ajiotaj hakimiyyətin cəmiyyətə yönəlik jestləri və müxalifətə yönəlik provakativ fəaliyyətləriylə müvəqqəti olaraq yatırıldı. Yəni ki, islahat adıyla müəyyən kosmetik yeniliklər edildi, apolitik təsirlər önləndi. Siyasi təsirləri neytrallaşdırmaq üçün müxalifətin içərisindəki məqam dəllallarına şərait yaradaraq, iyrənc mənzərə ortaya çıxardılar. Məqsəd cəmiyyətə iqtidarın alternativsizlik görüntüsünü təqdim etmək idi. İndi hamı bir-birinin söyür, səsini yazır, satır, gözdən salır. İstisnalar isə var, zamanı gözləyir. Aydın siyasi baxış və hədəflərə ehtiyac yaranacaq. Növbəti mərhələdə.... Bu ajiotaj dönəmi özünü bitirən və yandıran müxalifət "qəhrəmanlarını" dəfn etdi. Yanılan iqtidar da unutmasın ki, gerçək islahatlar olmadan, uzun müddətə problemləri ötüşdürmək mümkünsüzdür.

Oxu 32 dəfə