"..əbanı çiyinlərindən götür ki, Qiyamətdə yaxanı buraxaq" - İlahiyyatçıya CAVAB

Bu məqaləni qiymətləndir
(0 səs)

Son günlər Avropa ölkələrinə mühacir edənlərə qarşı hücumlar müşahidə olunur. Mühacirləri vətənə xəyanətdə və düşmənlə əlbir olmaqda ittiham edirlər. Bu dəfə tanınmış ilhaiyyatçılaran biri Ramazan moizələrində bu mövzuya yer ayırıb. Lakin ilahiyyatçının cavabı çox gecikməyib. Almaniyada siyasi mühacir statusu ilə yaşayan ilahiyyatçı, yazar Cavid Cabbarlı əqidədaşının cavabını facebook səhifəsində verib. Xeberinfo.de həmin statusu təqdim edir: 

"Bəziləri var, gedib Qərb dövlətlərinə sığınıblar, guya haqq mübarizəsi aparırlar. Nə qədər məzlumun qanını töküb, sən gedib onun qoynunda oturub haqq davası aparırsan? Quran belə adamlar haqında deyir: Onlara meyillənməyin, onların yalan sözləri sizi aldatmasın. Milyonların ölümünə baiskardılar. Onlar haqdan ancaq özlərinə sərf edəndə danışırlar. Mərhəmət görməyən insana düşmən də göz vursa ona tərəf gedir, haqq yoldan azır" – bu sözlər tanınmış ilahiyyatçılardan birinin mübarək Ramazan ayının müqəddəs günlərində dindarlar üçün etdiyi moizəsindəndir.

Təqribən bir saat ilahi mərhəmət haqqında bir kitabdan hədislər oxuyandan sonra mühacir mövzusuna toxunmaq, məncə təsadüf deyil. Həm də söhbətin əsas məğzi zəlilliyi qəbul etmək və zalıma qarşı itaətkar olmağın vacibliyidirsə. Hörmətli ilahiyyatçı təbliğ edir ki, Allahın razılığını qazanmaq istəyirsinizsə, qeyd-şərtsiz sizə qarşı bütün haqsızlıqları bağışlamalı və mükafatını da Yaradandan istəməlisiz. Məbada, etiraz edəsiz, axirətinizi itirmiş olarsız. Bu məntiq İslam dininə və xüsusən Əhlibeyt məktbinə ziddir. Kifayət qədər nümunə göstərə bilərəm, lakin İmam Hüseyndən (ə) bir kəlam kifayətdir. Yezidə xitabən İmam (ə) buyurur: Mənim kimilər sənin kimilərə beyət eləməz!

Ahha, bəziləri iddia edəcəklər ki, adam təqiyyə edir. İslamda canın və malın faydasız yerə təhlükəyə düşdüyü zaman təqiyyə mübahdır. Amma hesab edirəm ki, Azərbaycanda belə bir hal mövcud deyil. Hökumət nəsə tələb edirsə, sakitcə əbanı çiynindən çıxarmaq kifayətdir ki, təhlükəni özündən uzaqlaşdırasan. Necə ki, bəzi ruhanilər (daha çox İslam elminə yiyilənənlər) belə ediblər.

Diqqətimi daha çox çəkən məsələ mühacir məsələsidir. Əvvəla deyim ki, heç kim qudurmuşluğundan ölkəsini, doğmalarını tərk eləməyib. Bəziləri həbs təhlükəsindən, bəziləri də iqtisadi çətinlikdən ölkədən qaçmaq məcburiyyətində qalıb. Onlara qarşı din adamının belə haqsız davranışı çox böyük yanlış və günahdır. Bu, məsələnin mənəvi tərəfi ki, həmin ruhani ölkəni məhz mənəvi dəyərlərlə idarə etməyi üstün bilir. İkincisi, Qərb ölkələrinə mühacirət etmək çox pis şey və düşmənə xidmətdirsə, Həzrət Ayətullah Xomeyni niyə 15 il Fransada mühacir həyatı yaşadı və sonra böyük bir inqilab nəticəsində İslam dövləti qurdu? Yox əgər deyirsənsə, xristian ölkəsinə mühacirət edib, öz ölkəndəki haqsızlıqları demək yanlışlıqdır, niyə Həzrət Məhəmməd (s) bir dəstə müsəlmanı xristian Həbəşistana mühacirətə göndərdi?

Əziz ilahiyyatçı, şübhə etmirəm ki, bu sözləri ya hökumətin sifarişilə, ya da hökumətə xoş gəlsin deyə, deyirsən. Hər iki halda, yaxud digər hallarda yanlış edirsən, Ramazan ayında yanlış sözlər danışırsan. Yüzlərlə insanın haqqına girirsən. Xəstə anasını və digər doğmalarını bir dəfə görmək üçün gecələrini Allahla həmd-sənada keçirən insanların ahını alırsan. Bu hakimiyyətin Bəni-Üməyyə hakimiyyətindən zərrə qədər fərqi yoxdur. Ya dinə siyasət qatmadan təbliğ et, ya da əbanı çiyinlərindən götür ki, Qiyamətdə yaxanı buraxaq.

Oxu 88 dəfə