Wednesday, July 24, 2019

İflic olmuş siyasi məhbusun anası İlham Əliyevə müraciət etdi Xüsusi

Bu məqaləni qiymətləndir
(1 Səs)

Siyasi məhbus Əbulfəz Bunyadovun anası İlham Əliyevə müraciət ünvanlayıb.

Bu barədə Xeberinfo.de-ə Məlumat daxil olub. Muraciəti təqdim edirik:

"Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarına

Surəti: Azərbaycan Respublikası vitse-prezidenti Xanım Mehriban Əliyevaya

Surəti: Azərbaycan Respublikası İnsan Hüquqları Müdafiəsi komitəsi OMBUDSMAN Elmira Süleymanovaya

Surəti: Azərbaycan Respublikası Bakı Şəhər Baş Prokuroru Zakir Qaralova

Surəti: Azərbaycan Respublikası Bakı Şəhər Daxili İşlər Naziri Vilayət Eyvazova

Surəti: Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədova

Surəti: Azərbaycan Respublikası Qafqaz Müsəlmanları İdarəsi Sədri Allahşükür Paşazadəyə

Surəti: BMT-nin Azərbaycandakı Nümayəndəliyinə

Surəti: Qızıl Aypara Cəmiyyətinə

15 il müddətinə azadlıqdan məhrum edilmiş Əbülfəz Bünyadovun anası Xeyriyyə Bünyadovanın MÜRACİƏTİ

Nəzərinizə çatdırıram ki, oğlum Bünyadov Əbülfəz Hümmət oğlu 2015-ci ildə Nardaran hadisələri zamanı evimizə hücum edilərkən güllələnərək iflic edilib. Digər həbs olunanlar kimi ona da qondarma ittihamlarla cinayət işi açılıb. Onurğasından güllələnib ağır yaralandığı halda, işgəncələr verilib, hətta bu işgəncələr Penitensiar Xidmətin müalicə müəssisəsində olarkən də davam edib. Vəziyyətinin ağırlığını görüb məhkəmə dövründə ev dustaqlığına buraxılmışdı.

Oğlum hərəkət edə bilmədiyindən məhkəmə iclaslarına təcili yardım köməyi ilə xərəkdə aparırdılar.

Məhkəmə zamanı əslində onun hansısa bir cinayət işlətdiyi sübuta yetirilməyib. 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi ağır durumda olan, tam hərəkətsiz və daima yatağa bağlı olduğundan təbii ehtiyacını belə özü təmin edə bilməyən bir insana, cəzasının ilk 5 ilini Qobustan Qapalı Tipli Həbsxanasında çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb. Özünə baxa bilməyən, yatağa məhkum edilmiş iflic, əlil vətəndaşın 15 il müddətinə azadlıqdan məhrum edilməsi əslində humanizm prinsiplərinə ziddir. İnkişaf etmiş ölkələrdə bədəninin 80 faizi işləməyən iflic şəxsləri ev dustaqlığına buraxırlar. Eyni zamanda bu amansız hökm Azərbaycanımızın milli-mənəvi dəyərlərinə kölgə salır. Bu gün hətta düşmənə qarşı tolerantlıq nümayiş etdirən ölkəmizin məhkəməsinin öz vətəndaşına qarşı çıxardığı hökmü eşidənlər buna mat qalır.

Oğlum iflicdir, kiminsə köməyi olmadan özünə baxması mümkünsüzdür, hətta artıq onun bağırsaqlarına mikrob düşüb. Əbülfəz təbii ehtiyacını yerinə yetirməkdə çətinlik çəkdiyinə görə, günlərlə ac qalır, yeməkdən imtina edib. Lakin bütün bunlar nəzərə alınmadan onu bu günə qədər ağır vəziyyətdə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə Müəssisəsində hər kəsdən, hər şeydən təcrid edilmiş vəziyyətdə saxlayırlar. Hospitalda ona yerləşdirildiyi palatada olan xəstə məhkumlar baxır, yeməyinə, təbii ehtiyacını ödəməyə, yuyunmağına yardım edirlər. Amma son vaxtlar orda olan xəstələrin özü də əməliyyat keçirdiyindən Əbülfəz tam baxımsız qalıb və mən sonuncu dəfə ona baş çəkməyə gedəndə gördüm ki, artıq tamamilə arıqlayıb, heydən düşüb.

Onun durumu ilə bağlı Ombudsman Aparatına, Ədliyyə Naziri Fikrət Məmmədova, Penitensiar Xidmətin rəhbəri Ceyhun Həsənova rəsmi müraciət etdim. Amma bu qurumların hamısı eyni cavabı verdi ki, Əbülfəz aldığı cəzanın yarısını çəkməlidir. Bu da 7 il deməkdir, amma mən görürəm ki, oğlum bu durumda 7 ay belə yaşaya bilməz.

Ya onu ev dustaqlığına buraxsınlar, ya da normal şəraitdə olan bir palata ilə təmin edib ona baxmaq üçün tibb işçisi təyin etsinlər. Oğlum xəstə məhkumların ümüdünə qalıb. Əgər ona salındığı yerdə biri baxmayacaqsa, onda o niyə onu ev dustaqlığına buraxılmır?!

Axı bundan əvvəl də o ev dustağı olub. Nə cinayət edib? Heç bir hərəkət edə bilməyən, heç kimlə görüşməyən bir insana bu cəzanı kəsməyin mənası nədir? Əbülfəz ev dustaqlığında olarkən həyət qapımızda daima polis maşını dayanıb. Qızlarım belə evimə buraxılmayıb. Bunlar da mənə bir ana kimi əzab verib. Amma tək ona görə şükr etmişəm ki, quru nəfəsi də olsa oğlum yanımdadır. Onu öz əllərimlə yedirdə bilirəm. Mənim artıq ayaqlarım tutulub, yeriməyə əziyyət çəkirəm, bu azmış kimi, övladımın da əzabını mənim üzərimə yükləyənlərin məqsədi nədir, bunu anlaya bilmirəm.

Sizdən bir ana kimi xahiş edirəm ki, insanlıq naminə mənim oğluma yardım edin, onun azyaşlı körpələrinin olmasını və sağlıq durumunun son dərəcə ağır olduğunu nəzərə alıb, məhkumluğunu ev dustaqlığı ilə əvəz edilməsi üçün əlinizdən gələni əsirgəməyəsəniz.

Hörmətlə: Bünyadova Xeyriyyə Qasım qızı

Ünvan: Bakı şəhəri Nardaran Qəsəbəsi. Ş.Tuti küç Döngə 5. Ev 2.

Əlaqə telefonu: 0553137212, 0775620187"

Oxu 106 dəfə