Cənablar, 16 il eyni şeyi danışmaqdan yorulmursuz?!

Bu məqaləni qiymətləndir
(1 Səs)

Bəzi müxalif partiya sədrlərinin çıxışlarında diqqətimi çəkən ciddi bir məqam var. İddia edirlər ki, hökumət parçalanıb, daxildə qruplar yaranıb, qırırlar bir-birini. Uzağı 6 aya idarəçiliyi itirəcəklər. Nə bilim Ramizin komandası paşayevləri üstələdi və sair. Bu sözləri təqribən 16 ildir eşidirik. Nə daxildə qırğın olur, nə müharibə. Əksinə, insanlarda mübarizə ruhu zəifləyir. Cəmiyyət şüuraltı düşünür ki, onsuz da yaxın vaxtlarda hökumət gedəcək. Lakin hər il rejimin daha da güclənməsini müşahidə edirik. Hüquq və azadlıqlar daha da məhdudlaşdırılır. 
Hörmətli sədrlər, belə çıxışla cəmiyyətin mübarizə əzmini məhv edirsiz. Bu rejim saat kimi işləyir, hökuməti asanlıqla əldən verməyəcək. "Dağılacaq, özləri gedəcək" kimi sözlərlə rejimə dəstək olmayın. İddia eləmirəm, bunu bilərəkdən edirsiniz. Lakin bu mövzuda etdiyiniz çıxışlar cəmiyyətdə arxayınlıq yaradır. 
Rejim hər gün güclənir, ömrünü uzatmaq üçün yeni planlar işləyir. 
Heydər Əliyev haqqında belə bir hekayə dolaşırdı. 1993-cü ildə hakimiyyəti qəsb edəndən sonra mətbuata ciddi nəzarət edirmiş. Bir gün soruşurlar ki, mətbuat üçün əsas xəbər nə olsun. "Deyin ki, Heydər Əliyev ağır xəstədir", deyə cavab verir. Bütün mətbuat baş xəbər edir. Müxalifət düşərgəsi də sevinir ki, Heydər öləcək, asanlıqla hökuməti ələ keçirəcəyik. Nəhayət 10 il ölkəni talan elədi, sonra da oğluna buraxdı hakimiyyəti. 
16 ildir ki, eyni tipli məlumatı hörmətli müxalif partiya sədrləri tirajlayırlar. Guya, bir neçə günə hökumətdaxili savaş başlayacaqmış, bunlar da asanlıqla hökuməti ələ keçirəcəkmişlər. 
Əliyev sülalə hakimiyyətindən qurtulmaq üçün hər gün döyüşmək, gərəkirsə, can vermək lazımdır. 
Cənablar, 16 il eyni şeyi danışmaqdan yorulmursuz?!

Cavid Cabbarlı

Oxu 53 dəfə

Günün videosu